Ukraynanın "Rux" klubunun üzvü Rolan Mustafayev Azərbaycan millisində çıxış edə bilər. 

Mediada yazılanlara inansaq, AFFA bu istiqamətdə danışıqlar aparır. Görəsən, yığmamızın üzvü Emil Mustafayevin qardaşı millimizi seçəcək? Sualımızı AFFA-nın skautu İlqar Qurbanova ünvanladıq. Mütəxəssis Offsideplus.az-a açıqlamasında bunları söylədi:

"Emili bir neçə il öncə tapmışdım. Onu uzun müddət izlədikdən sonra milli komandaya təklif etmişdim. Çətinliklər yaşansa da, yığmaya cəlb edə bildik. Qardaşını da yaxından izləyirəm. Mütəmadi olaraq əlaqə saxlayıram. Düzdür, o, hazırda oynayır və potensiallı uşaqdır. Əsas odur ki, futbolçu yığmada oynamaq istəsin. Heç kimi məcbur edə bilmərəm ki, mütləq milliyə gəlməlisən. İstək yoxdursa, o, gəlsə belə, milliyə xeyir verə bilməz. Yığmanın ayrıcalığı odur ki, burada oynamaq üçün alışıb-yanmalıdır".